Azərbaycan Dövlət Tərcümə Mərkəzi Ramiz Məmmədəli oğlu Rövşənə (VÖEN – 1902228212) “Dünya ədəbiyyatı inciləri” kitabının redaktəsi üçün 14 min 400 manat ödəyəcək.
Yeniavaz.com xəbər verir ki, Dövlət Tərcümə Mərkəzi müsabiqə keçirmədən bir mənbədən satınalma metodu ilə müqavilə imzalayıb.
Müqavilə 31 dekabr 2024-cü il tarixində başa çatacaq.
Qeyd edək ki, Dövlət Tərcümə Mərkəzi 2021-ci ildən başlayaraq 150 cilddən ibarət olacaq “Dünya ədəbiyyatı inciləri” kitabını hazırlayaraq çap edir.
Xalq şairi Ramiz Rövşənin neçə ədəd “Dünya ədəbiyyatı inciləri” kitabını redaktə edəcəyi bilinmir. Əvvəlki illərdə bu kitablar başqa şəxslər tərəfindən redaktə olunub.
Məlumat üçün bildirək ki, satınalma müqaviləsi isə bir mənbədən satınalma metodu əsasında imzalanmaqla bərabər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə də həyata keçirilməyib.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Məlumat üçün onu da qeyd edək ki, Dövlət Tərcümə Mərkəzi 2012-ci ildə yaradılıb. Mərkəz dil və tərcümə sahəsinin tənzimlənməsi istiqamətində dövlət siyasətini həyata keçirən dövlət qurumudur. Mərkəzin açıqladığı sonuncu maliyyə hesabatında qurumun 2022-ci ili 77 min 686 manat zərərlə başa vurduğu göstərilib. Son bir ildə Dövlət Tərcümə Mərkəzinin zərəri 83 dəfə artıb.
Elnur Əli