
Türkiyənin Çanaqqala vilayətində, Eceabat rayonu sahillərində qeyri-qanuni miqrantları daşıyan qayıq batıb.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, bu barədə Çanaqqala valisi İlhami Aktaş məlumat yayıb.
İlkin məlumata görə, qayığın batması nəticəsində 4-ü uşaq olmaqla 20 nəfər ölüb. Batan qayıqdan 4 nəfərin xilas edildiyi bildirilib.
Məlumata görə, rezin qayıq gecə saatlarında və Eceabatdan təqribən 8 mil məsafədə batıb.
Hazırda ərazidə 10 sahil mühafizə gəmisi, 2 helikopter, dəniz polisi və AFAD qruplarının axtarış-xilasetmə işləri davam edir.
Digər tərəfdən, Kabatəpə limanında çoxlu sayda təcili yardım maşını hazır vəziyyətdə gözləyir.
Qayıqda dəqiq neçə nəfərin olduğu hələ ki, məlum deyil.
Tətbiqimizi yükləyə bilərsiniz