
Dəyişən təhlükəsizlik mühiti NATO-nun Cənubi Qafqazdakı tərəfdaşlarına əhəmiyyətli dərəcədə təsir edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberqin Brüsseldəki mənzil-qərargahında mediaya təqdim etdiyi 2023-cü il üçün hesabatında deyilir.
Hesabatda qeyd edilir ki, NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomin vasitəsilə NATO Ermənistan, Azərbaycan və Gürcüstanın dövlət başçıları və nazirləri, diplomatları və vətəndaş cəmiyyətləri ilə fəal əlaqəsini davam etdirir.
“NATO bu üç tərəfdaşın hər birinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və suverenliyinə dəstəyini ifadə edir. NATO Ermənistan və Azərbaycanı müxtəlif formatlarda konstruktiv qarşılıqlı fəaliyyətə çağırır və humanitar məsələlərin həllinin vacibliyini vurğulayır. NATO həmçinin fərdi tərəfdaşlıq proqramlarını inkişaf etdirməklə Ermənistan və Azərbaycanla daha güclü tərəfdaşlıq əlaqələri saxlamağa çalışır”, - hesabatda bildirilir.