
Ermənistanın paytaxtı İrəvan şəhərində atışma baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Shamshyan.com” portalı məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 00:20 radələrində Ermənistan Daxili İşlər Nazirliyinin polis şöbəsinə 1-03 saylı təcili yardım stansiyasından zəng daxil olub.
Fuçik prospektində yaralı vətəndaşların olduğu, yerdə qan izlərinin aşkar edildiyi bildirilib.
Zərərçəkənlərin köməyinə ilk olaraq həkimlər, patrul əməkdaşları və hadisənin şahidləri gəlib.
Polis hadisə yerində müxtəlif növ odlu silahlardan atılmış çoxlu sayda işlənmiş patron, partlayan qumbaranın qəlpələri, qan izləri, atəş nəticəsində zədələnmiş avtomobillər, o cümlədən millət vəkilinin avtomobilini aşkar edib.
Məlum olub ki, iki vətəndaş hadisə yerindən İrəvanın müxtəlif xəstəxanalarına aparılıb. Xəstəxanada həkimlər müstəntiqlərə bildiriblər ki, zərərçəkənlər əməliyyat otağında olduqları üçün baş verənlərlə bağlı izahat verə bilmirlər.
Hadisə ilə bağlı şübhəlilər müəyyən edilib və axtarışa veriliblər.
İstintaqın maraqları baxımından hadisənin baş vermə şəraiti və zərərçəkənlərin kimliyi açıqlanmır.
Tətbiqimizi yükləyə bilərsiniz