Bayden bu dəfə prezidentliyə başladığı tarixi səhv saldı


ABŞ Prezidenti Co Bayden xalq qarşısında çıxışı zamanı ən yüksək dövlət postunda vəzifəyə başladığı vaxtı – inaqurasiya tarixini səhv salaraq, növbəti səhvə yol verib.
Yeniavaz.com
xəbər verir ki, bu, Baydenin çərşənbə günü Viskonsin ştatının Miluoki şəhərindəki çıxışı zamanı baş verib.
“İcazə verin, bunu deməklə yekunlaşdırım: Bu həftə vəzifəyə başlamağımdan dörd il keçir. Ölkəmiz əsrin ən ağır pandemiyasını və iqtisadi böhranını yaşadı”.
Halbuki 2020-ci ilin noyabrında Demokrat Bayden yenidən seçilmək istəyən Trampı məğlub edib və onun inaqurasiyası 2021-ci ilin yanvarında baş tutub.
Amerika lideri həmçinin, çıxışında bir daha sələfi və qarşıdan gələn seçkilərdə çox güman ki, rəqibi olan Respublikaçı Donald Trampı tənqid edib. Onun sözlərinə görə, Tramp öz xalqı qarşısında ən sadə öhdəliklərini belə yerinə yetirməyib.
Qeyd edək ki, 81 yaşlı ABŞ Prezidenti ictimai çıxışlarında tez-tez müxtəlif səhvlərə yol verir.
Onun rəqibi respublikaçılar isə bundan dövlət başçısının ölkəyə rəhbərlik etməyə davam etmək üçün əqli və fiziki qabiliyyətini şübhə altına almaq üçün istifadə edirlər.
Xatırladaq ki, Amerika mediasının proqnozlarına görə, Tramp Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd kimi irəli sürülmək üçün lazımi sayda nümayəndə səsini qazanıb, Bayden də öz növbəsində Demokratlar Partiyasından kifayət sayda nümayəndənin dəstəyini təmin edib. Beləliklə, mübarizə dörd il əvvəl olduğu kimi eyni namizədlər arasında gedəcək.
ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top