Prezidentlər Füzulidə inşa ediləcək xəstəxananın layihəsi ilə tanış olublar – Yenilənib


Martın 12-də Prezident İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzulidə inşa olunacaq Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış olublar.
Yeniavaz.com
xəbər verir ki, səhiyyə naziri Teymur Musayev dövlət başçılarına xəstəxanada yaradılacaq şərait barədə məlumat verib.
Bildirilib ki, Baş plan layihəsinə əsasən 180 çarpayılıq yeni xəstəxana 4,5 hektar ərazidə inşa olunacaq. Xəstəxananın inşasında Qazaxıstanın “BI Group” və bir sıra Azərbaycan şirkətləri iştirak edəcək. Bu tibb ocağında inzibati bina, qəbul, terapiya, kardiologiya, nevrologiya, cərrahiyyə, travmatologiya-ortopediya, oftalmologiya, otorinolorinqologiya, pediatriya, doğum, ginekologiya, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ şöbələri və əməliyyat bloku fəaliyyət göstərəcək.
Xəstəxananın ambulator xidmət hissəsi isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələrindən, klinik diaqnostika laboratoriyasından və aptekdən ibarət olacaq. Müalicə ocağı ən müasir tibbi avadanlıqlarla təchiz ediləcək.
Diqqətə çatdırılıb ki, xəstəxana ilə yanaşı, eyni ərazidə Gigiyena və Epidemiologiya Mərkəzi, Təcili Yardım Stansiyası və Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi də inşa ediləcək.
Burada rayon sakinlərinə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər cür şərait yaradılacaq. Beləliklə, öz doğma yurdlarına qayıdacaq rayon sakinləri bu tibb ocağının istifadəyə verilməsi ilə hərtərəfli tibbi xidmətlə əhatə olunacaqlar.

***12:45
Azərbaycanda dövlət səfərində olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Füzuli rayonuna gedib.
Yeniavaz.com
xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Kasım-Jomart Tokayevi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.
Qazaxıstan Prezidenti Füzuli şəhərinin Baş planı ilə tanış olub.




Prezidentlər daha sonra Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Dövlət başçıları tədbirdə Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, Füzuli şəhər sakinləri və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alacaq uşaqlarla görüşüblər.

DİGƏR XƏBƏRLƏR

Top