Haiti Baş naziri istefa verdi


Haitinin Baş naziri Ariel Anri istefa verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, Karib Ölkələri Birliyinin sədri və Qayana Prezidenti Məhəmməd İrfaan Əli Ariel Anrinin istefasının keçid prezident şurasının yaradılmasından və müvəqqəti baş nazirin təyin edilməsindən sonra qəbul ediləcəyini bildirib.
Fevralın sonundan bəri Port-o-Prens hava limanı yaxınlığında davam edən atışmalara görə, Ariel Anri Keniyaya səfərindən sonra ölkəyə qayıda bilmir. Hazırda onun təyyarəsi ABŞ-nin tərkibində olan Puerto Riko adasındadır.
Qeyd edək ki, Haiti hakimiyyəti silahlı dəstələrlə asayiş keşikçiləri arasında baş verən qarşıdurmaya görə paytaxt Port-o-Prensdə fövqəladə vəziyyətin müddətini bir ay müddətinə uzatmaq qərarına gəlib. Fərman respublikanın rəsmi orqanı olan “Le Moniteur” qəzetində dərc olunub.
Xatırladaq ki, Haitidə təhlükəsizlik və humanitar vəziyyət 2021-ci ildə prezident Jovenel Moizin öldürülməsindən və həmin ilin avqustunda 2200-dən çox insanın zəlzələdə həyatını itirməsindən sonra pisləşib. “Telesur” TV kanalının məlumatına görə, dəstələr paytaxt ərazisinin 80%-dən çoxuna nəzarət edir və respublikanın digər bölgələrində də cəmləşirlər.

DİGƏR XƏBƏRLƏR

Top