
“Yerevan bu yaxınlarda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibliyinin işində iştirak etməyib, lakin Ermənistanın təşkilata üzvlüyünün dayandırılması ilə bağlı rəsmi açıqlama verilməyib”.
Yeniavaz.com xəbər verir ki, bunu TASS-a müsahibəsində KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.
“İrəvan həqiqətən də bu yaxınlarda KTMT katibliyinin işində iştirak etməyib. Bu, Ermənistanın hazırkı mərhələdəki qərarıdır və biz beynəlxalq təşkilat olaraq suveren dövlətin istənilən qərarına hörmətlə yanaşırıq. Bununla belə, təşkilatın fəaliyyəti tam şəkildə davam edir, bütün prosedurlar həyata keçirilir. KTMT-nin normativ bazasına tam uyğun şəkildə riayət olunur”, - deyə təşkilatın baş katibi bildirib.
Tasmaqambetov həmçinin bildirib ki, katiblik mütəmadi olaraq qəbul edilmiş qərarlar barədə İrəvandakı müvafiq strukturları məlumatlandırır.
“Ermənistan Respublikası rəsmilərinin qeyd olunan bəyanatlarına gəlincə, qeyd edirəm ki, İrəvandan olan katibliyə təşkilata üzvlüyün dayandırılması ilə bağlı heç bir rəsmi açıqlama daxil olmayıb”, - baş katib əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində İrəvanın KTMT-də iştirakını dondurduğunu bildirərək, təşkilatın 2021-2022-ci illərdə vəziyyətin gərginləşməsi zamanı respublika qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini qeyd edib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Moskvanın Paşinyanın bəyanatlarına aydınlıq gətirmək üçün İrəvanla təmaslarını davam etdirdiyini qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz