
Toplum TV-nin təsisçisi, hüquq müdafiəçisi və media eksperti Ələsgər Məmmədlinin saxlanıldığı bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələr vasitəsilə məlumat yayıblar.
Hüquq müdafiəçisinin paytaxtdakı klinikalardan birinin önündə mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparıldığı bildirilir.
Həmçinin, III Respublika Patformasının təsisçilərindən Ruslan İzzətlinin də saxlanıldığı iddia olunur.
Bildirilir ki, o, Xətai Rayon Polis İdarəsinin qarşısında saxlanılıb.
Təşkilatın təsisçilərindən Yadigar Sadıqlı III Respublika Patformasının spikeri Akif Qurbanovun valideynlərinin Bakı Şəhər Baş Polis İdarəsinin önündə mülki şəxslər tərəfindən maşına mindirilərək aparıldığını yazıb.
İddialarla bağlı Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb.
Xatırladaq ki, martın 6-sı səhər saatlarında Toplum TV-nin və III Respublika Platformasının ofisində polis əməliyyat keçirib. Daxili İşlər Nazirliyi isə əməliyyatın daxil olan məlumat əsasında keçirildiyini bildirib.
Akif Qurbanova, həmçinin Toplum TV-nin əməkdaşları Fərid İsmayılov, Müşfiq Cabbar, Əli Zeynal, Ramil Babayev, Elmir Abbasov və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq qrup halında törədildikdə) ittihamı ilə cinayət işi açıldığı bildirilir.
Axtarış aparılan ofislərdən, eləcə də saxlanılan şəxslərdən bəzilərinin mənzillərindən müxtəlif məbləğlərdə xarici valyuta aşkarlandığı bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz