
“Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runi İngiltərədə “Futbol Əfsanəsi” mükafatına layiq görülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 38 yaşlı Runi bu mükafatı millinin tərkibində 53 qol vurduğu və millinin tarixində ikinci ən çox qol vuran futbolçu olduğu üçün alacaq (2023-cü ilin martında onu Harri Keyn geridə qoyub).
Qeyd edək ki, son vaxtlara qədər Runi “Birminqem Siti”nin baş məşqçisi olub. O, əvvəllər İngiltərənin “Derbi Kaunti” klubuna rəhbərlik edib. Amerikanın “DC Yunayted” klubunda isə o, futbolçu-məşqçi kimi fəaliyyət göstərib.
Xatırladaq ki, Runi 2002-ci ildə 16 yaşında “Everton”da debüt edib. 2004-cü ilin yayında futbolçu “Mançester Yunayted”ə keçərək, klub tarixinin bombardiri olub (559 matçda 253 qol). O, 2017-ci ilin iyuluna qədər “Mançester Yunayted”də oynayıb. Onun son komandası “Derbi Kaunti” olub. 2021-ci il iyunun 15-də bu komandada karyerasını başa vurub.
“Mançester Yunayted”in tərkibində Runi Çempionlar Liqasının, Avropa Liqasının qalibi olub, beş dəfə İngiltərə çempionu olub, üç dəfə İngiltərə Kubokunu və bir dəfə Klublararası Dünya Çempionatının kubokunu qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz