Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Emin Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında, Elçin Yusubov isə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Yeniavaz.com yüksək vəzifəyə təyin olunan şəxslərin tərcümeyi-halını təqdim edir:
Emin Hüseynov 12 noyabr 1974-cü ildə anadan olub. O, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Institutunun Kommersiya fakültəsini Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bitirib.
1998-ci ildə ABŞ-ın Florida Ştatı Universitetində İqtisad üzrə magistr dərəcəsini alıb.
2009-cu ildə ABŞ-ın Harvard Kennedi Məktəbində Dövlət idarəçiliyi üzrə magistr dərəcəsini alıb.
2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Emin Hüseynov 1998 – 2001-ci illərdə Dünya Bankının Azərbaycandakı Daimi Nümayəndəliyində, iqtisadçı,
2001 – 2003-cü illərdə Beynalxalq Valyuta Fondunun Azərbaycandakı Daimi Nümayəndəsinin Ofisində, iqtsadçı,
2003 - 2005-ci illərdə Dünya Bankının Azərbaycandakı Ölkə Ofisində, ölkə üzrə iqtisadçı,
2005 - 2007-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar departamentinin direktoru,
2007 – 2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və statistika departamentinin direktoru,
2008-2010-cu illərdə Azərbaycan Respublikası Mərkəzi Bankında Tədqiqatlar departamentinin direktoru, Mərkəzi Bankın baş iqtisadçısı,
2010 – 2013-cü illərdə Azərbaycan Respublikası Milli Bankında Tədqiqatlar və inkişaf mərkəzinin direktoru, Mərkəzi Bankın Baş direktoru,
2013 – 2016-cı illərdə Azərbaycan Diplomatiya Akademiyasında (“ADA”), Strategiya və inkişaf məsələləri üzrə prorektor,
2016-cı ilin yanvar ayından iyun ayına kimi “ADA” Universitetində Elmi məsələlər və strategiya üzrə prorektor kimi çalışıb.
O, 2016-cı ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Sərəncamı əsasında yaradılmış İşçi Qrupun üzvü olub.
2016-2018-ci illərdə Maliyyə Nazirinin müavini vəzifəsində çalışıb.
2018-ci ildə isə Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi, 2021-ci ilin may ayında isə Prezident İlham Əliyevin sərəncamı ilə Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Evlidir, üç övladı var.
Elçin Yusubov 1975-ci il avqustun 8-də anadan olub.
1996-cı ildə Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun İdarəetmənin təşkilatçısı ixtisası üzrə, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu kredit iqtisadçı ixtisası üzrə bitirib.
Özəl sektorda, Ticarət Nazirliyində, İqtisadi İnkişaf Nazirliyində, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Əmlak Komitəsində, Nazirlər Kabineti yanında “İçəri şəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində müxtəlif vəzifələrdə çalışıb.
Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentində baş direktorun müavini, baş direktorun 1-ci müavini, baş direktor, Bakı şəhər Lokal Gəlirlər İdarəsinin rəisi vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2020-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, 3 övladı var.