ABŞ “TikTok”u qadağan edə bilər


Amerikalı konqresmenlər “TikTok” sosial şəbəkəsi ilə Çinin “ByteDance” texnologiya şirkəti arasında əlaqələrin davam edəcəyi təqdirdə ABŞ-də ona qadağa tətbiq edilməsi imkanını nəzərdə tutan qanun layihəsi təqdim ediblər.
Yeniavaz.com
xəbər verir ki, sənəd ABŞ Nümayəndələr Palatasının Çin üzrə Seçmə Komitəsinin saytında dərc olunub.
Qanun layihəsi “TikTok”la “ByteDance” da daxil olmaqla Çin tərəfindən idarə olunan istənilən qurum arasındakı bütün əlaqəni kəsməyi hədəfləyir. Konqresmenlər şirkətə sosial şəbəkəni satmaq üçün altı ay vaxt verirlər. Əgər bu baş verməsə, “TikTok”un ABŞ-də yayılmasına, o cümlədən müvafiq tətbiqin şəbəkə platformalarında yerləşdirilməsinə qadağa qoyulacağı gözlənilir.
Qanun layihəsi komitə sədri Mayk Qallaxer (Respublikaçı - Viskonsin ştatı) və onun yüksək səviyyəli həmkarı Raca Krişnamurti (Demokrat – İllinoys ştatı) tərəfindən hazırlanıb. Onlar eyni tədbirlərin gələcəkdə istənilən “düşmən tərəfindən idarə olunan tətbiqlərə” də şamil edilməsini təklif edirlər.
Qeyd edək ki, qısa videoları yükləməyə imkan verən “TikTok” sosial şəbəkəsi 2017-ci ildə, beynəlxalq versiyası isə 2018-ci ilin avqustunda istifadəyə verilib. Şəbəkənin sahibi “ByteDance” şirkətidir.
Xatırladaq ki, əvvəllər Amerika administrasiyasının nümayəndələri dəfələrlə bəyan ediblər ki, Çin sosial şəbəkəsi ABŞ üçün təhlükə yaradır və bu təhlükə bu və ya digər şəkildə aradan qaldırılmalıdır. Vaşinqton iddia edir ki, Çin səlahiyyətliləri və kəşfiyyat xidmətləri bu sosial şəbəkədən istifadə edərək, məlumat əldə edə bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top