
“Prezident Co Baydenin (Demokratlar Partiyası) siyasəti ABŞ-də qeyri-qanuni miqrantların sayının 15 milyona yüksəlməsinə səbəb olub”.
Yeniavaz.com xəbər verir ki, bunu bazar ertəsi Respublikaçıların “Truth Social” sosial şəbəkə səhifəsində yerləşdirdiyi videomüraciətdə Donald Tramp bildirib.
“Birləşmiş Ştatlara qeyri-qanuni yolla gələnlərin çoxu həbsxanada cəza çəkənlərdir. Hətta onların arasında çoxlu terrorçular da var. Və mən inanıram ki, hazırda bizdə olan real say yəqin ki, 15 milyona yaxındır”, - Tramp deyib.
O, Baydenin prezidentliyinin sonuna qədər ABŞ-də artıq 20 milyon qeyri-qanuni miqrantın olacağını istisna etməyib. Keçmiş prezident Demokratlar administrasiyasını sərhədi dərhal bağlamağa çağırıb.
Qeyd edək ki, qeyri-qanuni miqrasiya ilə bağlı vəziyyət bir neçə ildir ki, cənub ştatları ilə federal hökumət arasında mübahisə mövzusudur. Ən gərgin vəziyyət Texas ştatındadır. Onun qubernatoru Qreq Ebbot qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün sərt tədbirləri müdafiə edir və bu məsələdə indiki Amerika administrasiyasının siyasətinə qarşı çıxır. Respublikaçı qubernator qeyri-qanuni mühacirləri Vaşinqton, Nyu-York və Çikaqo da daxil olmaqla, Amerikanın böyük şəhərlərinə göndərir.
Tətbiqimizi yükləyə bilərsiniz