Pentaqonun məxfi sənədlərini sızdıran şəxs razılaşma imzaladı


Pentaqonun məxfi sənədlərini sızdırmaqda günahlandırılan ABŞ Hərbi Hava Qüvvələrinin əsgəri Cek Teyşeyra cinayəti etiraf edərək razılaşma imzaladı.
Yeniavaz.com xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
Razılaşmanın bir hissəsi olaraq Teyşeyra, milli müdafiə ilə bağlı məlumatların bilərəkdən saxlanması və ötürülməsi də daxil olmaqla, altı ittihamda günahını etiraf etdi.
Bunun müqabilində prokurorlar casusluq da daxil olmaqla, hərbçiyə qarşı daha ciddi ittihamlar irəli sürməməyə razılaşıblar.
Bildirilir ki, tərəflər mümkün həbs müddəti barədə də razılığa gəliblər - Teyşeyra ən azı 11 il həbs cəzası alacaq.
“Forbes” xatırladır ki, sövdələşmədən əvvəl Teyşeyra hər ittiham üçün on ilə qədər həbs müddəti ala bilərdi.
Həmçinin, Teyşeyra 50 min dollar cərimə ödəməli, onun əlində qala biləcək bütün məxfi materialları qaytarmalı olacaq. Hökm sentyabrın 27-nə təyin edilib.
Xatırladaq ki, Amerika ordusunun və kəşfiyyatının, o cümlədən Ukraynadakı müharibə ilə bağlı məxfi sənədlərin sızması 2023-cü ilin yazında baş tutub. Aprelin 13-də bu işdə “Discord”da qapalı serverdə gizli sənədlər dərc edən Cek Teyşeyra saxlanılıb. Bu sənədlər, bəziləri digər daha böyük server və platformalarda yenidən nəşr olunana qədər uzun müddət diqqətdən kənarda qalıb. Bu sızma son illərin ən böyük sızmalarından biri hesab olunur.

DİGƏR XƏBƏRLƏR

Top