2023-cü il oktyabrın 7-də şiddətlənən silahlı münaqişədən sonra İsrailin əməliyyatları nəticəsində Qəzza zolağında ən azı 364 tibb işçisi həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin “Telegram” kanalında dərc olunmuş bəyanatda bildirilib.
“İsrail hərbçilərinin əməliyyatları 364 həkimin ölümünə, 126 təcili tibbi yardım avtomobilinin sıradan çıxmasına səbəb olub. İsrail, həmçinin 155 tibb müəssisəsini vurub, nəticədə azı 32 xəstəxana və 53 tibb mərkəzi fəaliyyətini dayandırmağa məcbur olub”, - Qəzza Səhiyyə Nazirliyi vurğulayıb.
Bildirilib ki, İsrail hərbçiləri tərəfindən saxlanılan həkimlərin sayı 269-a çatıb ki, onların arasında Xan Yunis və şimal bölgələrindəki xəstəxanaların baş həkimləri də var.
Qeyd edək ki, nazirliyin son məlumatına görə, ötən ilin oktyabrından indiyədək anklavın ən azı 30 min 534 sakini həlak olub, 71 min 920 sakini isə yaralanıb.