
“Genişmiqyaslı müharibənin başlamasından təxminən ay yarım sonra Rusiya və Ukrayna müzakirəçiləri döyüşləri dayandırmalı olan saziş layihəsi hazırlayıb”.
Yeniavaz.com xəbər verir ki, “The Wall Street Journal” 17 səhifəlik saziş layihəsinə istinadən yazır ki, orada Ukraynanın “daimi neytrallığı” ilə bağlı bənd olub.
15 aprel 2022-ci il tarixli sənəddə hər iki tərəfin müzakirəçilərinin döyüşləri necə bitirmək istədikləri, Ukraynanın Rusiyanın bir çox tələbləri ilə razılaşmağa hazır olduğu təsvir edilir.
O cümlədən, saziş layihəsində Ukraynanın xarici silahlar almasına və NATO-ya qoşulmasına qadağa qoyulması, həmçinin Ukrayna Silahlı Qüvvələrinin sayının 85 min əsgər, 342 tank və 519 artilleriyaya qədər azaldılması nəzərdə tutulub. Bundan əlavə, Rusiya Ukrayna raketlərinin uçuş məsafəsinin 40 kilometrə endirilməsini tələb edib. WSJ-nin məlumatına görə, ukraynalı müzakirəçilər başqa şərtlər irəli sürüblər: 250 min əsgər, 800 tank və 1900 artilleriya.
“The Wall Street Journal” yazır ki, Rusiya danışıqlar zamanı ilhaq edilmiş Krımın öz nəzarətində qalacağına təkid edib. Donbassın statusu məsələsi saziş layihəsinə daxil edilməyib, onun Vladimir Putin və Volodimir Zelenskinin şəxsi görüşdə müzakirə olunacağı güman edilib.
Bundan əlavə, Rusiya Ukraynada dövlət orqanlarında və məhkəmələrdə rus dilinin Ukrayna dili ilə bərabər şəkildə istifadə olunmasını tələb edib. Rusiyalı müzakirəçilər həmçinin qarşılıqlı sanksiyaların ləğvində və Ukraynanın Beynəlxalq Cinayət Məhkəməsinə qaldırdığı iddialarının geri götürülməsində israr ediblər. Kiyev razılaşmanın bu bəndləri ilə razılaşmayıb.
Müqavilə layihəsinə görə, Ukraynanın təhlükəsizliyinə xarici dövlətlər, o cümlədən ABŞ, Böyük Britaniya, Çin, Fransa və Rusiya zəmanət verməli idi. Bununla belə, müqavilə müddətində zaminlərdən ikitərəfli hərbi yardım vədləri də daxil olmaqla, “Ukraynanın daimi neytrallığı ilə bir araya sığmayan beynəlxalq müqavilələri və sazişləri ləğv etmələri” tələb olunub.