“Bakı Metropoliteni” konsert üçün müğənniyə 8 min manat verəcək – Müəmmalı müqavilə


“Bakı Metropoliteni” QSC müğənni Cəlal Abbasov ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, “Bakı Metropoliteni” QSC tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında Cəlal Abbasov ilə 8 min manat dəyərində müqavilə imzalayıb.
Açqlanana rəsmi məlumatda qeyd olunur ki, “Bakı Metropoliteni” QSC fəaliyyətinin 10 illik yubileyi münasibətilə musiqili-bədii tədbirin təşkil olunması xidmətinin “Bir mənbədən” üsulu ilə satınalınmasına dair ƏDV-siz 8000.00 manat (səkkiz min manat, 00 qəpik) dəyərində fiziki şəxs Abbasov Cəlal Ənvər oğlu ilə müvafiq satınalma müqaviləsi imzalayıb.
Eyni zamanda qeyd olunur ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Cəlal Abbasov

Məlumat üçün bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
 - Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.
Qeyd edək ki, Qanunun tələblərindən də göründüyü kimi musiqili-bədii tədbirin təşkil olunması məxfi məlumat hesab oluna bilməz. Bu səbəbdən də, “Bakı Metropoliteni” QSC tender müsabiqəsini bu şəkildə keçirməsi başa düşülən deyil. Üstəlik müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə  imzalandığı da aydın deyil.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top