
“Fransa öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil”.
Yeniavaz.com xəbər verir ki, bunu Fransa xarici işlər naziri Stefan Sejurne “İnter” radiostansiyasının efirində deyib.
“Fransızlar Ukrayna uğrunda ölməyəcək. Biz döyüş əməliyyatları aparmaq üçün qoşun göndərməyəcəyik. Çərçivə müəyyən edilib: Onunla vuruşmadan Rusiyanın qalib gəlməsinin qarşısını almaq. Bu çərçivədə respublika prezidentinin də dediyi kimi heç nə istisna edilmir”, - XİN rəhbəri deyib.
Qeyd edək ki, fevralın 26-da Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Parisdə keçirilən görüşdə Qərb ölkələrinin quru qoşunlarının Ukraynaya mümkün göndərilməsi məsələsi qaldırılıb.
Onun sözlərinə görə, 20-yə yaxın Qərb ölkəsinin Rusiya ilə münaqişədə Ukraynaya gələcək dəstəyi müzakirə etdiyi görüşdə iştirakçılar bu məsələdə konsensus əldə etməyiblər, lakin gələcəkdə belə bir ssenarinin olmasını da istisna etmək olmaz.
Konfransdan sonra iştirakçı ölkələrin əksəriyyətinin nümayəndələri bəyan ediblər ki, onlar Ukraynaya qoşun yeritməyi planlaşdırmırlar və onların Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirakına qarşıdırlar.
Tətbiqimizi yükləyə bilərsiniz