BMT missiyasını Sudandan çıxardı


Birləşmiş Millətlər Təşkilatının (BMT) Sudandakı Keçid Dəstəyi Missiyası (UNITAMS) çərşənbə günü öz qoşunlarının ölkədən çıxarılmasını başa çatdırıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin yaydığı bəyanata istinadən dünya təşkilatının rəhbərinin ofisi məlumat yayıb.
“UNITAMS 29 fevral 2024-cü ildə Sudandan geri çəkilməsini başa çatdırdı. Baş katib missiyanın mandatı boyunca Sudan xalqına fədakarlıq və xidmətlərinə görə bütün yerli və beynəlxalq UNITAMS personalına bir daha dərin minnətdarlığını bildirir”, - məlumatda bildirilib. 
Məlumata görə, martın 1-də başlayacaq missiyanın ləğvi prosesinə nəzarət etmək üçün kiçik bir UNITAMS komandası Port Sudan şəhərində qalacaq.
Eyni zamanda, BMT baş katibinin nümayəndəsi qeyd edib ki, dünya təşkilatı ölkəyə humanitar yardım göstərməyə davam edəcək və Sudan xalqının dinc və təhlükəsiz gələcək arzularına dəstək verəcək.
Qeyd edək ki, 2023-cü ilin dekabrında BMT Təhlükəsizlik Şurası Sudan hökumətinin noyabr ayında UNITAMS-a xitam vermək qərarından sonra UNITAMS-ın fəaliyyətini dayandırmaq üçün qətnamə layihəsinin lehinə səs verib. BMT-nin baş katibi Antonio Quterreşə göndərdiyi məktubda hökumət qeyd edib ki, dünya təşkilatının missiyası ölkədəki vəziyyəti daha da pisləşdirib və artıq xalqın və hakimiyyətin istəklərinə cavab vermir. Eyni zamanda məktubda qeyd olunub ki, Sudan Nazirlər Kabineti ölkə üçün müsbət nəticələr verə biləcək yeni formulun hazırlanması üçün BMT ilə konstruktiv işləməyə hazırdır.

DİGƏR XƏBƏRLƏR

Top