Payızda nəticəsi açıqlanacaq 2024-cü il Nobel Sülh Mükafatı uğrunda 285 namizəd mübarizə aparır.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Norveç Nobel İnstitutundan məlumat verilib.
Məlumata görə, mükafata 196 nəfər və 89 təşkilat namizəd olub. Bir il əvvəl institut 351 nominasiyanı qeydə alıb və onların sayına görə rekord 2016-cı ildə qeydə alınıb - 376.
Namizədlərin tam siyahısı ənənəvi olaraq ciddi şəkildə gizli saxlanılır və yalnız mükafatlar verildikdən 50 il sonra ictimaiyyətə açıqlana bilər. Buna baxmayaraq, hər il müəyyən namizədlərin irəli sürülməsi ilə bağlı məlumatlar namizəd irəli sürmək hüququ olan təşkilatlar və ya şəxslər tərəfindən mətbuatda öz əksini tapır. Onlar arasında Norveç Nobel Komitəsinin keçmiş və indiki üzvləri və onun məsləhətçiləri, əvvəlki Sülh Mükafatı laureatları, milli parlamentlərin üzvləri, tarix, fəlsəfə, hüquq və ya ilahiyyat üzrə ixtisaslaşmış universitet professorları var.
Qeyd edək ki, bundan əvvəl Norveç və dünya mediası NATO-nun baş katibi və Norveçin keçmiş baş naziri Yens Stoltenberqin, amerikalı milyarder İlon Maskın, “WikiLeaks”in yaradıcısı Culian Assancın, britaniyalı təbiətşünas Devid Attenboronun, ABŞ-nin keçmiş prezidenti Donald Trampın, Roma Papası Fransisin və BMT baş katibi Antonio Quterreşin namizədliyi ilə bağlı xəbərlər yayıb.
Mükafata namizədləri yanvarın 31-dək irəli sürmək mümkün idi. Bu müddətdən sonra yalnız komitə üzvlərinin namizəd irəli sürmək hüququ saxlanılır. Onlar adətən fevral ayında baş tutan ilk iclasda bu hüquqlarından istifadə edirlər.
Xatırladaq ki, Sülh Mükafatı, Alfred Nobelin (1833-1896) vəsiyyətinə əsasən, xalqların birləşməsində və aktiv orduların sayının azaldılmasında ən böyük uğur qazanmış və ya digərlərindən daha çox iş görmüş şəxslırə, habelə sülh konqreslərinin keçirilməsinə və onlara diqqətin cəlb edilməsinə görə verilir. Alimin son vəsiyyətinə görə, bu mükafat onun vəsiyyətinə uyğun olaraq təsis edilən digər mükafatlardan fərqli olaraq Stokholmda deyil, Osloda verilir.