Uşağınız sözünüzə baxmırsa...


Uşağınızın sözünüzə baxmamasından şikayət edirsiniz və ya bu problemi aradan qaldırmaq üçün nə edəcəyinizi bilmirsiniz? Əslində bu, o qədər də çətin deyil. Bunun üçün hər şeydən əvvəl uşağın diqqətini cəlb etməyi bacarmalı və aşağıdakı tövsiyələrə əməl etməyə çalışmalısınız...
1. Uşaqla danışarkən ona yaxın məsafədə olmağa çalışın: Əksər ata-analar gec-tez uşaqlara uzaq məsafədən söz deməyin heç bir mənası olmadığını başa düşürlər. Əgər uşağınızla ciddi bir məsələni müzakirə etmək istəyirsinizsə, onunla elə bir məsafədə dayanın ki, gözlərinin içinə baxa, ya da diqqətini cəlb edə biləsiniz.
2. Sözünüzü açıq deyin: Deyəcəyiniz sözü açıq, həmçinin sadə bir şəkildə ifadə etməyə çalışın. Əgər bir məsələni çox uzatsanız, təbii ki, uşağınızın diqqəti dağılacaq və sözünüzün heç bir mənası olmayacaq. Məsələn, “Çöl soyuqdur, pencəyini geyin” demək əvəzinə “Artıq pencək geymək vaxtıdır” deyin.
3. Sözünüzün üstündə durun: Mütləq sözünüzün üstündə durun. Məsələn, uşağınıza “Sənə süd verəcəyəm” deyib əvəzində meyvə suyu gətirməyin. Qardaşını incitdiyi üçün ona cəza verəcəyinizi demisinizsə, sözünüzü geri götürməyin. Həyat yoldaşınızın da bu qaydalara əməl etməsinə diqqət yetirin.
4. Sözləri tez-tez təkrarlamaqdan çəkinin: Bir sözü tez-tez təkrarlamaqdan çəkinin. Məsələn, “Stəkanı stolun üstünə qoy” sözünü 5 dəfə təkrar etməkdənsə, uşağınızın əlindən tutub stəkanı stolun üstünə onunla birlikdə qoyun. Beləliklə, o, nə demək istədiyinizi daha yaxşı başa düşəcək.
5. Sözünüzə uyğun hərəkət etməyə çalışın: Burada vacib olan məsələlərdən biri də necə deyərlər, sözünüzlə hərəkətinizin uyğunluq təşkil etməsidir. Məsələn, “Yatmaq vaxtıdır” dedikdən sonra işıqları söndürüb oyuncaqları yığışdırmağa başlasanız, sözünüz daha təsirli olacağını görəcəksiniz.
6. Xəbərdarlıq etməyi unutmayın: Əgər uşağınızdan bir şey tələb edəcəksinizsə, bunu ona əvvəlcədən xəbərdarlıq edin. Məsələn, oynamağa getməzdən əvvəl evə vaxtında qayıtmaq barədə xəbərdarlıq edin. Ya da oyuncaqları ilə oynadıqdan sonra onları yığışdırmaq barədə xəbərdarlıq edin və s.
7. Real təlimatlar verin: Başqa vacib bir məsələ isə uşağa hər hansı təlimat verərkən real təlimat verməkdir. Məsələn, “Oyuncaqlarını yığışdır” demək əvəzinə “Sarı maşınını yerdən götür” desəniz, uşağınızın sizi daha yaxşı başa düşdüyünü görəcəksiniz. Üstəlik, bununla siz ünsiyyətinizi də real bir zəminə oturtmuş olacaqsınız.
8. Həvəsləndirmək də işinizə yaraya bilər: Bəzi ata-analar sözə baxmadıqda çarəni uşaqlarını tənqid etməkdə görürlər. Bu yolla uşağı yola gətirmək mümkün olsa da, nəticə uzunömürlü olmur. Məsələn, uşağınıza “Dişlərini fırçalamasan, ağzında çürüklər əmələ gələr” demək əvəzinə “Əgər dişlərini hər gün fırçalasan, sənə istədiyin oyuncağı alaram” demək ona daha tez təsir edər.
9. Yaxşı dinləyici olduğunuzu göstərin: Məktəb yaşına qədər olan uşaqlar sizin yaxşı dinləyici olduğunuzu bilməlidirlər. Çünki bu yaşda olan uşaqlar adətən ata-analarından nümunə götürürlər. Buna görə də, sizinlə danışarkən gözlərinin içinə baxın (təbii ki, sözünü kəsməmək şərti ilə). Əgər əlinizdə işiniz varsa və uşağınız sizinlə danışmaqda təkid edirsə, heç olmasa arxanızı çevirməyin.
10. Onu bağrınıza basın: Ola bilər ki, uşağınızın qəlbinə dəyən bir şey dediyinizi düşünürsünüz, ya da uşağınızın xoşuna gəlməyən bir şey dediyinizi fikirləşirsiniz. Elə isə vaxt itirmədən alternativ addımlar atın. Belə ki, onu bağrınıza basın, ya da sadəcə olaraq, ona gülümsəyin.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top