
Mərhəmət bütün məxluqata sevgi ilə yanaşmaq, onları təhlükələrdən qorumaq, çətin vəziyyətlərdə onlara kömək etmək kimi… gözəl davranışların əsas səbəbidir. Mərhəmətin mənbəyi isə Allahdır. İnsanlardakı mərhəmət Allahın rəhmətinin təzahürüdür.
Rəhman və Rəhim adlarının Quranda ən çox xatırlanan adlar arasında olması da Allahın mərhəmət xüsusiyyətinin əhəmiyyətini göstərir. Bu xüsusiyyətinə görə Allah nemətlər verir, günahları bağışlayır, insanlara doğru yolu göstərir. Hz. Peyğəmbərin (s.ə.s.) göndərilməsi və Quranın endirilməsi də Allahın rəhmətinin nəticəsidir. “Onun rəhməti hər şeyi əhatə edir” (əl-Əraf, 7/156), “O, rəhm edənlərin ən rəhmlisidir” (əl-Əraf, 7/151) və “O, rəhm edənlərin ən xeyirlisidir” (əl-Mu'minun, 23/109).
Peyğəmbərimiz (s.ə.s.) Allahın mərhəmətinin böyüklüyünü ifadə edən bir hədisində belə buyurur: “Allah mərhəmətini yüz parçaya ayırdı, doxsan doqquz parçasını Öz yanında saxladı, bir parşasını yer üzünə endirdi. Və bu bir parça rəhmətlə məxluqat bir-birinə mərhəmət edir”.
Bu mərhəmətin bir nəticəsi kimi insanlara göndərilən peyğəmbərlərin də ən mühüm xüsusiyyəti mərhəmətdir. Quran da Hz. Məhəmmədin (s.ə.s.) aləmlərə rəhmət olaraq göndərildiyini (əl-Ənbiya, 21/107) bildirir və: “Ey iman gətirənlər! And içirəm ki, sizə içinizdən… şəfqətli və mərhəmətli bir peyğəmbər gəldi” (ət-Tövbə, 9/128) deyir.
Peyğəmbərimizin (s.ə.s.) “Mərhəmət etməyənə mərhəmət edilməz” hədisi isə mərhəmətin başqa bir miqyasını ifadə edir. “İnsanlara rəhm etməyənə Allah rəhm etməz”, “Yerdəkilərə rəhm edin ki, göydəkilər (Allah və mələklər) də sizə rəhm etsinlər” hədisləri də eyni hadisəni fərqli bir şəkildə vurğulayır.
Dinimizin nəzərdə tutduğu mərhəmət bütün canlıları əhatə edəcək qədər genişdir. Bütün insanlara, xüsusilə də uşaqlara, qadınlara, qocalara, yetimlərə, kimsəsizlərə, xəstələrə və yoxsullara mərhəmət göstərməklə yanaşı, digər bütün canlılara da mərhəmətli olmaq bir borcdur.
Peyğəmbərimiz (s.ə.s.) hədislərinin birində pis yola düşmüş bir qadının susuzluqdan ölməkdə olan itə su verdiyi üçün Allah tərəfindən bağışlandığını bildirir, başqa bir hədisində isə pişiyini aclıqdan ölməyə məhkum edən mərhəmətsiz bir qadının bu davranışına görə cəhənnəmi qazandığını buyurur.
Bir sözlə, Allahın mərhəməti görünən və görünməyən hər şeydə təcəlli edir. Allahın rəhməti əzəlidir, əbədidir, sonsuzdur.
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz