
Türkiyə əhalisinin 52,7%-i özlərini xoşbəxt hesab edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Türkiyə Statistika İdarəsi tərəfindən açıqlanıb.
Məlumat üçün bildirək ki, Statistika İdarəsi hər il vətəndaşlar arasında “Xoşbəxtlik araşdırması” aparır. Aparılan araşdırmanın nəticəsinə görə, Türkiyədə özünü xoşbəxt hesab edənlərin sayı son bir ildə artıb. Əgər 2022-ci ildə Türkiyə əhalisinin 48,7%-i özlərini xoşbəxt hesab edibsə, 2023-cü ildə bu göstərici 52,7%-ə yüksəlib.
Onu da bildirək ki, 2003-cü ildə bu göstərici 59,6%, 2013-cü ildə isə 59% olub.
Özünü xoşbəxt hesab etməyənlər isə ümumi əhalinin 13,7%-ni təşkil edib. Bu göstərici 2003-cü ildə 7,3%, 2013-cü ildə 10,8%, 2022-ci ildə isə 15,9% olub.
Türkiyədə xoşbəxt olduğunu bəyan edən kişilərin nisbəti 2022-ci ildəki 46,5%-dən 2023-cü ildə 50,3%-ə yüksəlib. Qadınlar üçün bu nisbət 2022-ci ildə 52,7%, 2023-cü ildə isə 55,1% təşkil edib.
Bundan başqa evli şəxslərin subaylara nisbətən daha xoşbəxt olduğu müşahidə edilib. 2023-cü ildə xoşbəxt olduğunu ifadə edən evli fərdlərin nisbəti 56,4% olduğu halda, evli olmayanlar üçün bu nisbət 45,8% olub.
Açıqlanan məlumata görə, Türkiyə vətəndaşlarının özlərini xoşbəxt hesab etmələrinin səbəbi ailələridir. Türkiyə əhalisinin 69,9%-i xoşbəxtlik səbəbi kimi ailələrini göstərir. 15%-i belə hesab edir ki, onların xoşbəxt olmasının səbəbi övladlarıdır. Xoşbəxtlik səbəbi kimi həyat yoldaşını göstərənlərin nisbəti 3,8%, valideyinlərini göstərənlərin nisbəti isə 2,9% olub.
Türkiyə vətəndaşlarının 69,5%-i belə hesab edir ki, xoşbəxtliyin mənbəyi sağlamlıqdır. 13,2%-i xoşbəxtliyin mənbəyi kimi sevgini, 9,2%-i uğur qazanmağı, 5,3%-i isə pulu göstərib.
Ölkə vətəndaşlarının 33,8%-i belə hesab edir ki, 2023-cü ildə Türkiyənin ən böyük problemi qiymətlərin yüksək olması olub. Əhalinin 16,5%-i əsas problemin təhsil, 13,4%-i yoxsulluq, 7,3%-i işsizlik, 5,9%-i xarici qüvvələr, 5,5%-i ədalət və hüquq sisteminin olmaması, 5,1%-i isə terror olduğunu fikirləşir.
Araşdırmada diqqət çəkən məqamlardan biri də ölkədəki əsas problemin xarici qüvvələr olduğuna inananların sayındakı kəskin artımdır. Əgər 2020-ci ildə xarici qüvvələri əsas problem olaraq görənlərin nisbəti 0,5% olubsa, 2023-cü ildə bu göstərici 5,9%-ə yüksəlib. Terroru əsas problem görənlərin nisbəti isə bu dövrdə 10,5%-dən 5,1%-ə düşüb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz