
Bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkələrində istehlakçılara 4,5 milyard manatlıq, o cümlədən 2,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əvvəlki ilin (2023-cü il) eyni dövrü (yanvar ayı) ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1%, qeyri-ərzaq malları üzrə 5% artım olub.
Açıqlanan məlumatda bildirilir ki, hesabat ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 441,3 manatlıq, o cümlədən 242,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 199 manatlıq qeyri-ərzaq malları alıb.
Qeyd edək ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhalinin satın aldığı malların dəyəri 17 manat və ya 4% artıb.
Əhalinin pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,9%-i ərzaq məhsullarının, 5%-i içkilər və tütün məmulatlarının, 14,3%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5%-i avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz