
“Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) statutuna qoşulması ilə bağlı Ermənistandan zəmanət almalıdır”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Rusiya lideri Vladimir Putinin Ermənistana səfərinin mümkün olub-olmaması ilə bağlı sualına cavab verərkən deyib.
“Biz artıq demişik ki, Ermənistanın bu beynəlxalq statuta qoşulması ilə bağlı yeni reallıq, sözsüz ki, bizim ikitərəfli münasibətlərimizə mənfi təsir göstərməyə bilməz. Təbii ki, erməni tərəfdaşlarımızdan müəyyən təminatlar almaq çox vacibdir və bu məsələ ikitərəfli dialoq çərçivəsində öz həllini tapmalıdır”, - Peskov bildirib.
Qeyd edək ki, 2023-cü il martın 17-də BCM Rusiya Prezidenti Vladimir Putini və Rusiya Prezidentinin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanı əhalinin, o cümlədən uşaqların qeyri-qanuni deportasiyasından ibarət olan hərbi cinayətlərdə iştirakda ittiham edərək həbsinə order verib.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə Rusiya Prezidentinin mümkün həbsi barədə suala cavab verərkən, onun Putin də daxil olmaqla, bu və ya digər şəxsin həbsi ilə bağlı qərar qəbul etmədiyini bildirib.
Xatırladaq ki, Ermənistan BCM-nin Roma Statutunu 2023-cü ilin oktyabrında ratifikasiya edib.
Sənəd fevralın 1-də qüvvəyə minib.