Putin seçkiqabağı debatlardan imtina etdi


Rusiya Prezidenti Vladimir Putin seçkiqabağı debatlarda iştirak etmək üçün federal kanallarda pulsuz televiziya və radio efir vaxtından imtina edib.
Yeniavaz.com
“RBK”ya istinadla xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Natalya Budarina məlumat yayıb.
“Rusiya Mərkəzi Seçki Komissiyası qeydə alınmış dörd namizəd və üç siyasi partiyadan pulsuz efir vaxtı üçün püşkatmada iştirak etmək üçün yazılı ərizələr qəbul edib. Nəzərinizə çatdırmaq istərdim ki, Rusiya Mərkəzi Seçki Komissiyası Rusiya prezidentliyinə namizəd Vladimir Putinin federal kanallarda birgə təşviqat tədbirlərində iştirakdan imtina etməsini təsdiq edən sənəd əldə edib - bu, namizədlərin hüququdur”, - deyə o bildirib.
Dövlət mətbu nəşrlərində təşviqat materiallarının dərci üçün tarixlərin, səhifədə yerlərin və digər şərtlərin müəyyən edilməsi məqsədilə fevralın 15-nə püşkatma mərasimi keçirilib. Seçki kampaniyası fevralın 17-də başlayacaq və martın 15-də keçiriləcək seçki gününə qədər davam edəcək.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 15-17-də keçiriləcək. Seçkilərdə dörd namizəd iştirak edəcək.
Prezident postu uğrunda Putinlə yanaşı, Dövlət Dumasının vitse-spikeri Vladislav Davankov (“Yeni insanlar” Partiyası), Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Leonid Slutski (Liberal Demokrat Partiyası) və Dövlət Dumasının Uzaq Şərq və Arktikanın inkişafı komitəsinin sədri Nikolay Xaritonov (Kommunist Partiyası) mübarizə aparacaq.
Putin seçkilərdə qalib gələrsə, onun beşinci prezidentlik müddəti başlayacaq və Konstitusiyaya edilən dəyişikliklər nəticəsində müddətlərin sıfırlanmasından sonra ilk prezidentlik müddəti olacaq.

DİGƏR XƏBƏRLƏR

Top