
“Bazar ertəsi gecə İsrail hərbçiləri tərəfindən azad edilən girovlar çox güman ki, Fələstinin HƏMAS hərəkatının qərargahında deyil, Qəzzadakı mülki əhalinin evində saxlanılıb”.
Yeniavaz.com xəbər verir ki, bu açıqlama ilə radikal təşkilatın Siyasi Bürosunun üzvü Usamə Həmdan teleqram kanalında məlumat yayıb.
Bununla belə, o, HƏMAS-ın baş verənlərlə bağlı rəsmi versiyasını daha sonra açıqlayacağını əlavə edib:
“Hələ də mötəbər mənbələrdən bu hadisə ilə bağlı rəsmi məlumat gözləyirik. Eyni zamanda, əlimizdə məlumat var ki, bu iki girov HƏMAS tərəfdarlarının əlində deyil, Qəzzalı mülki bir ailənin yaşadığı evdə olub”, - məlumatda deyilib.
Həmdan hesab edir ki, İsrail döyüş meydanında həqiqi nailiyyətləri olmadığı üçün bu hadisənin əhəmiyyətini şişirtməyə çalışır. Onun sözlərinə görə, bu yolla İsrail komandanlığı hərbçilərin mənəviyyatını yüksəltməyə çalışır.
Xatırladaq ki, bazar ertəsi səhər saatlarında İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirib ki, Rəfahda (Qəzzə zolağının cənubu) keçirilən xüsusi əməliyyat zamanı iki israilli girov azad edilib: 60 yaşlı Fernando Simon Marman və 70 yaşlı Lui Har.