
“Sülhməramlı kontingentimizlə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixləri hazırda Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılır”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Evdokimov “İzvestiya” qəzetinə müsahibəsi zamanı deyib.
O bildirib ki, sülhməramlıların Azərbaycan ərazisində qalma müddəti 2025-ci ildə başa çatır:
“Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin 2020-ci il noyabr tarixli bəyanatında göstərilir ki, Ermənistan Silahlı Qüvvələrinin çıxarılması ilə paralel olaraq Rusiya sülhməramlıları sözügedən əraziyə yerləşdirilir.
Orada müxtəlif hesablamalara görə, 110-120 min nəfər erməni əhalisi yaşayırdı. Sülhməramlılar isə öz funksiyalarını səmərəli şəkildə yerinə yetirdilər, bir tərəfdən Azərbaycanın bu ərazisini qorudular, digər tərəfdən, təbii ki, erməni əhalisi üçün onların təhlükəsizliyini təmin etmək üçün orada rus sülhməramlılarının olması vacib idi.
İndi isə antiterror əməliyyatı başa çatdıqdan sonra Rusiya sülhməramlıları Azərbaycan qüvvələri ilə birlikdə ərazidə patrul edir, binaları və mədəni strukturları qoruyur.
Sülhməramlı kontingentimizlə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixləri hazırda Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılır”.