
Pakistanda Bəlucistan əyalətində daha bir partlayış baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə yerli “Geo” telekanalı məlumat verib.
Məlumata görə, nəticədə ölənlərin sayı 25-ə çatıb, 40-dan çox insan isə yaralanıb.
Bundan əvvəl Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin Pişin rayonunda parlament üzvlüyünə namizədin siyasi partiyasının qərargahında partlayış baş verib. Partlayış nəticəsində 12 nəfərin öldüyü, 30 nəfərin yaralandığı bildirilib.
“Çərşənbə günü Pakistanda parlament seçkilərinə bir gün qalmış Bəlucistanda seçki namizədlərini hədəf alan iki partlayış nəticəsində azı 25 nəfər ölüb, 40-dan çox insan yaralanıb”, - telekanal məlumat verib.
“Geo”nun məlumatına görə, partlayış müstəqil namizəd Asfand Yar Xan Kakarın Pişinin Hanozai rayonundakı siyasi ofisi yaxınlığında baş verib.
Yerli xəstəxana həkiminin telekanala verdiyi məlumata görə, zərərçəkənlər xəstəxanaya yerləşdirilib və onların əksəriyyətinin vəziyyəti ağırdır. Namizədin özünün dediyi kimi, partlayış onun seçki qərargahının yaxınlığında motosikletdə baş verib.
Qeyd edək ki, Pakistanda parlament seçkiləri fevralın 8-də keçiriləcək və daha sonra hökumət qurulacaq.