Karlsonun Putinlə müsahibəsi baş tutdu


Amerikalı jurnalist Taker Karlson artıq Rusiya Prezidenti Vladimir Putindən müsahibə alıb və bu müsahibə iki saat davam edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-dən olan bloger və jurnalist Aleks Cons Karlsona istinadla “X” sosial şəbəkə hesabında məlumat yayıb.
“Taker Putindən müsahibə aldığını dedi. O mənə yazdı ki, müsahibə iki saat davam etdi”, - deyə Cons bildirib.
Onun sözlərinə görə, Karlson müsahibəni çox yaxında dərc edəcəyini və materialın dərcini gecikdirmək niyyətində olmadığını qeyd edib.
“Bu, tarixə düşəcək. Biz III Dünya Müharibəsini dayandırmağa çalışırıq”, - Cons əlavə edib.
Digər tərəfdən, Karlsonun bu müsahibəni ehtimal ki, fevralın 8-də dərc edəcəyi bildirilib. Bu barədə “The Wall Street Journal” (WSJ) nəşri mənbələrə istinadla məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Karlson tezliklə Rusiya Prezidenti Vladimir Putindən müsahibə alacağını bildirmişdi. O, həmçinin Rusiya Prezidenti ilə müsahibənin tam versiyasını redaktə olunmadan öz saytında dərc edəcəyini vurğulamışdı.
Jurnalistin təkcə müsahibə ilə bağlı anonsu 50 milyondan çox baxış toplayıb.
Xatırladaq ki, Karlson Rusiyaya ötən həftənin sonunda gəlib. Hələ 2023-cü ilin sentyabrında o, Putindən müsahibə almağa çalışdığını, lakin ABŞ rəsmiləri tərəfindən buna qadağa qoyulduğunu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top