
Gürcüstanın qərbindəki İmereti diyarında torpaq sürüşməsi baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, yaşayış binalarının uçması nəticəsində ən azı 3 nəfər ölüb.
“İmereti diyarında leysan yağışları nəticəsində 4 yaşayış binasını əhatə edən torpaq sürüşməsi baş verib. Bağdati bələdiyyəsinin Nergeti kəndində axtarış-xilasetmə tədbirləri çərçivəsində 1 nəfər xilas edilib, 3 nəfərin meyiti tapılıb”, - məlumatda bildirilib.
Xilasedicilər daha 6 nəfərin axtarışlarını davam etdirirlər. Nazirlikdən əlavə ediblər ki, hadisə yerində 200-dən çox yanğınsöndürən və xilasedici, həmçinin xüsusi texnika və kinoloqlar qrupu işləyir.
Qeyd edək ki, çərşənbə axşamı bütün Gürcüstanda hava kəskin şəkildə pisləşib. Ölkənin qərbinə, eləcə də yüksək dağlıq rayonlara külli miqdarda qar yağması yollarda problemlərə səbəb olub.
İctimai Təhlükəsizliyin İdarə edilməsi Mərkəzindən verilən məlumata görə, pis hava şəraiti bir neçə gün davam edəcək.