
Ukrayna Prezidenti Volodimir Zelenski Ali Radaya ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin 90 gün müddətinə uzadılmasını nəzərdə tutan qanun layihələri təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Ukrayna parlamentinin saytında dərc olunub.
Məlumata görə, layihələr Volodimir Zelenskinin təşəbbüsü ilə baxılmaq üçün Rada rəhbərliyinə, daha sonra isə Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinə təqdim edilib. Qanun layihələrinin dərc olunmuş mətnlərinə uyğun olaraq, hərbi vəziyyət və ümumi səfərbərliyin 90 gün müddətinə uzadılması təklif edilir.
Qeyd edək ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik fevralın 14-dək qüvvədədir və sonuncu dəfə 2023-cü ilin noyabrında üç ay müddətinə uzadılıb.
Eyni zamanda, hərbi vəziyyətin mütəmadi olaraq uzadılması ölkədə ötən ilin oktyabr ayının sonuna təyin edilmiş parlament seçkilərinin keçirilməsini mümkünsüz edib. Ukrayna Konstitusiyasına görə, hərbi vəziyyət zamanı səsvermə təşkil edilə bilməz. Yeni uzadılma yazda prezident seçkilərinin keçirilməsini də hüquqi cəhətdən qeyri-mümkün edəcək.
Xatırladaq ki, Ukraynada 2022-ci il fevralın 24-dən hərbi vəziyyət rejimi tətbiq edilib, ertəsi gün isə Volodimir Zelenski ümumi səfərbərlik haqqında fərman imzalayıb.