
“Macarıstan Ukraynaya silah tədarükünü maliyyələşdirən Avropa Sülh Fondunda artıma veto qoymayacaq, lakin özü onun işində iştirak etməyəcək”.
Yeniavaz.com xəbər verir ki, bunu VRT telekanalına müsahibəsində Brüsseldə Avropa İttifaqından olan həmkarları ilə qeyri-rəsmi görüşdə olan Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto deyib.
O xatırladıb ki, Aİ xarici siyasət xidməti Ukraynaya silah tədarükünü genişləndirmək üçün 2024-cü ildə Avropa Sülh Fondunun 5 milyard avro artırılmasını təklif edib.
“Silah tədarükü bizim üçün qırmızı xətt olduğundan, biz bunda iştirak etməyəcəyik”, - deyə xarici işlər naziri bildirib.
Eyni zamanda, Siyarto etiraf edib ki, Macarıstan başqalarının bunu etməsinə mane ola bilməz və olmayacaq:
“Biz açıq şəkildə bildirdik ki, biz Avropa Sülh Fondu ilə bağlı heç bir siyasi və ya maliyyə yükü götürmək niyyətində deyilik. Əgər başqaları Ukraynaya silah vermək istəsələr, bunu öz məsuliyyətləri ilə edə bilərlər, lakin biz bu işdə iştirak etməyəcəyik”.