
ABŞ İordaniyada üç Amerika əsgərinin ölümünə görə “İraq İslam Müqaviməti” təşkilatının məsuliyyət daşıdığını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə Koordinatoru Con Kirbi məlumat verib.
“Biz İordaniyadakı hücumun “İraq İslam Müqaviməti” təşkilatı tərəfindən planlaşdırıldığını və həyata keçirildiyini hesab edirik”, - Kirbi bildirib.
Digər tərəfdən, Pentaqon İordaniyada bu yaxınlarda pilotsuz təyyarənin hücumuna məruz qalan ABŞ hərbi bazasını qorumaq üçün əlavə hava hücumundan müdafiə tədbirləri görəcəyini açıqlayıb. Ancaq Pentaqon “Tower 22”yə göndəriləcək xüsusi hava hücumundan müdafiə sistemlərinin adını çəkməyib və onların ilk növbədə düşmənin pilotsuz təyyarələri ilə mübarizə üçün nəzərdə tutulduğunu qeyd edib.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, hazırda “Tower 22” bazasında təxminən 350 ABŞ hərbçisi var.