
NATO-nun baş katibi Yens Stoltenberqin Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Verdens Gang” (VG) qəzeti məlumat yayıb.
Məlumata görə, onun namizədliyini Norveçin Liberal Partiyasının sədr müavini, Norveçin keçmiş mədəniyyət naziri Abid Raca təklif edib.
“Son bir il ərzində heç kim Avropada və dünyada sülh və demokratiya üçün Yens Stoltenberq qədər iş görməyib”, - o, nəşrə müsahibəsində deyib.
Qeyd edək ki, Nobel Sülh Mükafatı, Alfred Nobelin vəsiyyətinə görə, xalqların birləşdirilməsində və fəal orduların sayının azaldılmasında, habelə sülh konqreslərinin keçirilməsində və onlara diqqətin cəlb edilməsində ən böyük uğur qazanmış və ya digərlərindən daha çox iş görmüş şəxsə verilir. Alimin son vəsiyyətinə görə, bu mükafat onun vəsiyyətinə uyğun olaraq təsis edilən digər mükafatlardan fərqli olaraq Stokholmda deyil, Osloda verilir.
Nobel yazıb ki, mükafatın verilməsi ilə bağlı qərarı Norveç parlamentinin təyin etdiyi beş nəfərdən ibarət komitə verməlidir. Ənənəyə görə, komitənin üzvləri əsasən Norveçin təqaüdə çıxmış siyasətçiləri və keçmiş partiya liderləridir.
Son illər bu mükafata layiq görülənlər arasında müxtəlif sahələrdə nailiyyətləri olan siyasətçilər, hüquq müdafiəçiləri, siyasi fəallar və humanitar təşkilatlar var.
Tətbiqimizi yükləyə bilərsiniz