
Çin Prezidenti Si Cinpin Əfqanıstanın Çindəki yeni səfiri Bilal Kəriminin etimadnaməsini qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, Kərimi bundan əvvəl “Taliban” hökumətində hökumət sözçüsü müavini vəzifəsini tutub.
Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Si Cinpin ötən axşam Pekində 42 yeni səfirin etimadnaməsini qəbul edib. Onların arasında Əfqanıstanın Pekindəki səfiri Bilal Kərimi də olub.
Mərasim Xalq Məclisi Sarayında baş tutub.
Bununla da Çin Əfqanıstan İslam Əmirliyini rəsmən tanımasa da, Əfqanıstanın yeni hakimiyyət orqanları ilə əlaqələri davam etdirməyə hazır olduğunu nümayiş etdirib.
Qeyd edək ki, ötən ilin dekabrında Əfqanıstanın yeni səfirinin Çində işə başlaması ilə bağlı mətbuatda xəbərlər yayılanda Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin jurnalistlərin Pekinin Əfqanıstan İslam Əmirliyini tanıyıb-tanımayacağına dair suallarını birbaşa cavablandırmayıb. Bununla belə, o qeyd edib ki, Çin həmişə Əfqanıstanın beynəlxalq ictimaiyyətdən kənarda qalmamalı olduğuna inanıb.
Xatırladaq ki, “Taliban” hərəkatı terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır.