2023-cü il oktyabrın 17-dən ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına hücumların sayı artaraq 165-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinqx jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
“Oktyabrın 17-dən yanvarın 29-dək biz 165 hücum qeydə almışıq: 66-sı İraqda, 98-i Suriyada və təbii ki, İordaniyadakı son hücum”, - Pentaqonun sözçüsü bildirib.
Sinqx bu hücumlarda ən azı 80 nəfərin yaralandığını, lakin bu rəqəmlərə İordaniyadakı bazaya edilən son hücumun daxil olmadığını qeyd edib. Onun daha əvvəl keçirdiyi brifinqdə verdiyi məlumata görə, İordaniya bazasına hücum zamanı ən azı 40 nəfər yaralanıb, 3 nəfər isə ölüb.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Co Bayden də yanvarın 27-də İordaniyanın şimal-şərqində yerləşən Amerika qüvvələrinə pilotsuz təyyarənin hücumu nəticəsində üç hərbçinin öldüyünü və çox sayda hərbçinin yaralandığını bildirmişdi. ABŞ lideri, həmçinin hücumun Suriya və İraqda fəaliyyət göstərən İranın dəstəklədiyi radikal silahlı qruplar tərəfindən törədildiyini bəyan etmişdi.