
Yanvarın 28-də İlon Maskın neyrotexnologiya şirkəti “Neuralink” ilk dəfə olaraq insan beyninə çip yerləşdirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İlon Mask “X” sosial şəbəkə hesabında yazıb.
“İlk dəfə bir şəxsə “Neuralink” çipi taxıldı, əməliyyatdan sonra sağalma yaxşı gedir”, - deyə Mask bildirib.
Qeyd olunur ki, ilkin məlumatlara görə, cihazın performansı perspektivli görünür.
İ. Mask bildirib ki, “Neuralink”in ilk məhsulu “Telepatiya” adlanır və o, insana düşüncə gücü ilə telefonu və kompüteri idarə etməyə imkan verəcək:
“İlk istifadəçilər üzvlərinə nəzarəti itirmiş insanlar olacaq. Təsəvvür edin ki, Stiven Hokinq sürətli makinaçıdan və ya auksionçudan daha sürətli özünü ifadə edə bilər. Məqsəd budur”.
Qeyd edək ki, “Neuralink” startapı 2016-cı ilin iyulunda Musk tərəfindən yaradılıb və nəticədə insan beyninə implantasiya oluna biləcək çiplər hazırlayır. Biznesmen hesab edir ki, bu cür neyron interfeyslər insana süni intellektə müqavimət göstərə bilən kiborqa çevrilməyə imkan verəcək, həm də insanlara düşüncə gücündən istifadə edərək kompüteri birbaşa idarə etməyi öyrənməyə kömək edəcək.