İran “Mossad”la əməkdaşlıq ittihamı ilə dörd nəfəri edam etdi


İranda İsrailin xeyrinə casusluq etmək və respublikanın milli təhlükəsizliyini pozmaq üçün terror qruplaşması yaratmaq ittihamı ilə 4 nəfər edam edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi İslam Respublikasının Kəşfiyyat Nazirliyinə istinadən məlumat yayıb.
Agentlik bildirib ki, İsrail Milli Kəşfiyyat Xidməti “Mossad”la əlaqəsi olan qrupun dörd üzvünə qarşı edam hökmü bazar ertəsi səhər icra olunub.
Sözügedən şəxslər 2023-cü ildə İsfahan əyalətinin Nəcəfabad şəhərində raket zavodunda partlayıcı qurğu yerləşdirmək üçün əməliyyat keçirmək ittihamı ilə həbs ediliblər. Onlar ölkəyə İraq Kürdüstanı vasitəsilə daxil olublar.
Məlumata görə, qrup üzvləri “Mossad” tərəfindən “Komala” təşkilatının (İran Kommunist Partiyasının kürd qolu, İranda terror təşkilatı kimi tanınır) yüksək rütbəli üzvü vasitəsilə cəlb edilib.
İran hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, “Mossad”ın rəhbəri David Barnea bir sıra Afrika ölkələrində təlim düşərgələrində terrorçuların təlimi zamanı onlarla görüşüb.
Sentyabrın 17-də İslam İnqilab Məhkəməsi qruplaşma üzvlərini İsrail kəşfiyyatı ilə əməkdaşlıqda və terror qruplaşması yaratmaqda ittiham edərək edam cəzasına məhkum edib.
İranın Ali Məhkəməsi apellyasiya şikayətini rədd edərək, inqilab məhkəməsinin hökmünü təsdiqləyib.

DİGƏR XƏBƏRLƏR

Top