Uşaqlarınızı daha yaxından tanımaq istəyirsinizsə, oyunlarını müşahidə edin!


Oyun uşaqları tanımaq üçün ən yaxşı vasitələrdən biridir. Çünki onlar oynadıqları oyunlarda öz hiss və düşüncələrini, ətrafdakı insanlara qarşı münasibətlərini, eyni zamanda baş verən hadisələri necə anladıqlarını büruzə verirlər. Həm dil, həm də hərəkətləri ilə nümayiş etdirdikləri davranışları onların əsl simalarının üzə çıxmasına xidmət edir. Doğrudur, uşaqlar bütün davranışlarında özlərini ifadə etmirlər. Yəni, bir çox hallarda onlar kimləri isə təqlid edirlər. Ancaq bu təqlidçiliyə uşaqların hiss və düşüncələrinin də qatıldığını əsla unutmamalıyıq.
Əslində, uşaqların belə təqlidi davranışları da onların mənliklərinin üzə çıxmasına kömək edir. Uşaqlar oyun əsnasında sözlərlə, reaksiyalarla, səs tonları ilə və nəhayət, mimikaları ilə hisslərini canlandırırlar. Yəni, oyun bir növ uşaqların dilidir: o, oyunlarla danışır, özünü ifadə edir. Məsələn, əgər uşaq anasının hər hansı bir davranışına qarşı neqativ köklənibsə və ondan “qisas” almaq istəyirsə, oyunda özü ata rolunu oynayaraq, ana rolunu oynayan uşaqdan acıq çıxmaq istəyəcək. Və ya qardaşına qarşı qısqanclıq edən uşaq əlindəki oyuncağı qardaşına bənzədərək ona “əziyyət verəcək”.
Başqa bir məqam isə uşaqların ailə daxilində baş verən hadisələri təqlid etmələri ilə bağlıdır. Nümunə üçün qeyd edək ki, əgər uşaq oyunda tez-tez əmr cümlələrindən istifadə edirsə, valideynlər öz davranışlarına bir daha nəzər yetirməlidirlər. Digər tərəfdən, uşağın oyun daxilində oynamaq istədiyi rol onun arzularından, həmçinin, xarakteristik xüsusiyyətlərindən xəbər verir. Məsələn, körpə rolunu oynamaq istəyən uşağın xüsusi diqqətə ehtiyacı olduğunu başa düşmək olar. Bu həm də həmin uşağın qardaşını qısqandığı mənasına da gələ bilər.
Uşaqların oyunlarda mütəmadi olaraq “ata”, “müdir”, “komandir” və s. kimi rolları ifa etmək istəməsi o uşaqların liderlik qabiliyyətlərinin inkişaf etməsindən xəbər verir. Yox, əgər uşaq oyunu özü təşkil edirsə və oyunun süjet xəttini özü qurursa, bu, onun təşkilatçılıq qabiliyyətinin mövcudluğuna işarədir.
Bütün bunları nəzərə alaraq, valideynlər uşaqlarının oyunlarını həssaslıqla müşahidə etməli və təhlil edərək, əldə etdikləri nəticələrə uyğun uşaqları ilə davranmalıdırlar.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top