Bu “dərini” 3D printerdə çap etmək mümkün olacaq


A&M Texas Universitetinin amerikalı mühəndisləri insan dərisini təqlid edən və 3D printerdə çap oluna bilən yeni material kəşf ediblər.
Yeniavaz.com
xəbər verir ki, alimlər yeni materialı “elektron dəri” və ya “E-skin” adlanırıblar. Yeni kəşflə bağlı tədqiqat “Advanced Functional Materials” (AFM) elmi jurnalında dərc olunub.
Material tənzimlənə bilən elektron və temperatur biosensiyası imkanlarına malik nanomühəndis hidrogellərdən ibarətdir və gələcəkdə biosensorlu çevik material yeni nəsil implantların yaradılmasına imkan verəcək.
“Toxunma hissini təkrarlamaq və onu müxtəlif texnologiyalara inteqrasiya etmək bacarığı insan-maşın qarşılıqlı əlaqəsi və qabaqcıl sensor təcrübəsi üçün yeni imkanlar açır. Bu, əlilliyi olan insanların həyat keyfiyyətini daha da yaxşılaşdıra bilər”, - tədqiqatın rəhbəri Axileş Qaxarvar bildirib.
“E-skin”in yaradıcıları yeni materialın mütəmadi olaraq temperaturu, nəbzi və təzyiqi nəzarətdə saxlayan, istifadəçilərə rəy bildirən və onların motor bacarıqlarını və koordinasiyalarını təkmilləşdirməyə kömək edən geyilə bilən tibbi cihazlara çevrilməsini təklif edirlər.
Kəşfin müəllifləri qeyd edirlər ki, əvvəllər bioelektrik qurğular elastik materiallara inteqrasiya oluna bilməyəcək qədər sərt olub, ancaq bu problem nanomühəndisləşdirilmiş hidrogellərin köməyi ilə həll edilib.
Tədqiqatçılar həmçinin yüksək elektrik keçiriciliyini təmin edən molibden disulfid atomlarının strukturunda olan qüsurdan və elektron dərinin canlı toxumalara yaxşı yapışmasına imkan verən polidofamin nanohissəciklərindən istifadə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top