“Moskva Bakı ilə İrəvan arasında danışıqlar platforması olaraq qalır” – Polad Bülbüloğlu


“Moskva Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün platforma olmaqda davam edir”.
Yeniavaz.com
xəbər verir ki, bunu TASS-a müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbül oğlu deyib.
“Bu gün biz Rusiyaya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün göstərdiyi vasitəçilik səylərinə görə minnətdarıq və Moskva sülh danışıqları üçün platforma olmaqda davam edir”, - deyə diplomatik missiyanın rəhbəri qeyd edib.
Nümunə olaraq səfir Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə 2023-cü ilin iyulunda baş tutan son üçtərəfli görüşü, o cümlədən Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə işçi qrupunun fəaliyyətini xatırladıb. Bu çərçivədə Moskvada regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının açılması məsələlərinə dair dəfələrlə görüşlər keçirilib.
O, həmçinin, Azərbaycan və Ermənistan liderlərinin MDB dövlət başçılarının Sankt-Peterburqda ənənəvi olaraq Yeni il öncəsi keçirilən qeyri-rəsmi sammiti çərçivəsində danışdıqlarını da xatırladıb:
“Dövlət başçılarının bu cür tədbirlər çərçivəsində fürsətdən istifadə edərək “ayaq üstə” qısa söhbətlər aparması adi bir təcrübədir. Azərbaycan ondan çıxış edir ki, görüşlər müstəsna olaraq regionda uzunmüddətli sülh, sabitlik və təhlükəsizliyin tezliklə bərqərar olmasına yönəlməlidir. Artıq birbaşa ikitərəfli danışıqların aparılması təcrübəsi var və bu, yaxşı nəticələr verir. Bizim hamımızın başımızın üstündə dinc səmaya ehtiyacı var”.

DİGƏR XƏBƏRLƏR

Top