
ABŞ Prezidenti Co Bayden növbəti dəfə çaşıb və keçmiş Amerika lideri Donald Trampı öz sələfi deyil, professoru adlandırıb, ancaq dərhal səhvini düzəldib.
Yeniavaz.com xəbər verir ki, hadisə Baydenin Viskonsin ştatında administrasiyasının iqtisadi tədbirlərinə həsr olunmuş çıxışı zamanı baş verib.
“Mənim professorum - professorum haqqında danışmayacağam, qulaq asın - mənim sələfim fərqli bir kurs seçdi: çox varlı və böyük korporasiyalar üçün vergiləri azaltdı, büdcə kəsirini xeyli dərəcədə artırdı”, - prezident çıxışında bildirib.
Çıxışı zamanı Bayden həmçinin, pandemiya və tənəzzül sözlərini də qarışdırıb. “Bilirsiniz, indi, tənəzzüldən əvvəl - pandemiyadan əvvəl Amerikada təxminən 700 milyarder var idi”, - ABŞ lideri deyib.
Bayden həmçinin bildirib ki, Viskonsin ştatında prezidentliyinin başlanğıcından bəri 169 yeni iş yeri açılıb.
“Mən prezident olduğumdan bəri ABŞ-da 14 milyon yeni iş yeri, Viskonsin ştatında isə 169 yeni iş yeri açılıb”, - dövlət başçısı deyib.
Ancaq ştat üçün bu rəqəmin niyə bu qədər az olduğunu izah etməyib.
Qeyd edək ki, bundan əvvəl Bayden iki naziri səhv salmışdı. Belə ki, 81 yaşlı prezident daxili təhlükəsizlik naziri Alexandro Mayorkası səhiyyə və sosial xidmətlər naziri Xavyer Beserranı qarışdırmışdı.