
Moldovanın baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku istefa verdiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Sizə məlumat verirəm ki, ölkə prezidenti Maya Sandu tərəfindən qoyulmuş xarici siyasət məqsədlərini uğurla yerinə yetirdikdən sonra baş nazirin müavini və xarici işlər naziri vəzifəsindən istefa verirəm və indiki mərhələdə mənə fasilə lazımdır”, - deyə Popesku mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, o, vəzifəsini tərk etdikdən sonra Avrointeqrasiya prosesində hökumətə və onun komandasına dəstəyini davam etdirəcək.
Popesku onu da bildirib ki, bu vəzifədə onun varisi, həmçinin, nazirlikdə və hökumətdə gözlənilən yenidənqurmalar daha sonra açıqlanacaq.
Qeyd edək ki, Popesku 2019-cu ildə Moldova Xarici İşlər Nazirliyinə rəhbərlik edib. Daha sonra o, 2021-ci ildə Natalya Qavrilitsa hökuməti yanında bu vəzifəyə qayıdıb. O, eyni zamanda baş nazirin müavini vəzifəsini də alıb.
Xatırladaq ki, bundan əvvəl Moldova hökumətindəki mənbələr Nazirlər Kabinetində gözlənilən dəyişikliklər barədə məlumat vermiş, xüsusilə, Popeskunu Xarici İşlər Nazirliyinin rəhbəri postunda parlament sədrinin müavini Mixay Popşoyun əvəz edəcəyini bildirmişdilər.
Tətbiqimizi yükləyə bilərsiniz