Üç aylar möminlərin həyatında müstəsna yer tutur. Hər mömin bu zaman diliminin gələcəyi anı həsrətlə gözləyir. Belə bir həsrət bizə Peyğəmbərimizdən miras qalır. O (s.ə.s.) üç ayların gələcəyi anı gözləyir və o an gələndə də belə dua edirdi: “Ya Rəbbim! Rəcəb və Şabanı bizim üçün mübarək qıl və bizi Ramazana qovuşdur“. Buna görə də, üç aylar həm də möminlərin mübarək Ramazan atmosferinə hazırlıq mərhələsidir.
Rəcəb ayı
Üç ayların başlanğıcı olan Rəcəb ayı, Uca Allah tərəfindən Qurani-Kərimdə haram aylar kimi qeyd olunan dörd aydan biridir. Bu ay həm də Allahın rəhmətinin coşduğu, nemətlərinin yağdığı ay deməkdir.
Rəcəb ayı müharibənin haram olduğu aylardan olduğu üçün bu ayda silahlar susar, müharibə nidaları eşidilməz, hər yerdə sülh hökm sürərdi.
Allah dostları Rəcəb ayını tarlaya toxum səpmək, Şaban ayını bu toxumlara qulluq etmək, Ramazan ayını isə bu toxumlardan yetişən məhsulu yığmaq dövrünə bənzədirdilər.
Rəcəb ayının ilk cümə gecəsinə Rəqaib gecəsi deyilir. Allah (c.c.) bu gecədə möminlərə hər cür bərəkət verir. Onlar da bu bərəkətə qarşı rəğbət göstərirlər. Əslində “rəqaib” termininin mənşəyi də “rəğbət” sözündəndir. Ona görə də, həmin günün gecə və gündüzündən xeyirxah əməllər üçün istifadə etmək, ibadət etməklə yanaşı, xəstələrin, qocaların, kasıbların könlünü almaq lazımdır.
Rəcəb ayının müqəddəs gecələrindən biri də Merac gecəsidir. Peyğəmbərimizin (s.ə.s.) Meraca yüksəldiyi gecə də hicrətdən təxminən bir il əvvəl Rəcəb ayının 27-ci gecəsidir. Allahın (c.c.) Peyğəmbərimizə (s.ə.s.) ümmətindən Allaha şərik qoşmayanların Cənnətə girəcəyini müjdə verdiyi gecə də bu gecədir.
Murad Məmmədov