“Ermənistana yeni konstitusiya lazımdır, bu məsələ geniş müzakirə mövzusu olmalıdır”.
Yeniavaz.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə deyib.
“Ədliyyə naziri ilə bir-iki işgüzar söhbət zamanı qeyd etdim ki, mənim fikrimcə, eləcə də, bir sıra həmkarlarımın fikrincə, Ermənistanın konstitusiya dəyişikliklərinə deyil, yeni konstitusiyaya ehtiyacı var və bu, daha geniş müzakirə obyektinə çevrilməlidir”, - Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistanın yeni geosiyasi və regional şəraitdə onu daha rəqabətli və həyat qabiliyyətli edəcək konstitusiyası olmalıdır. Paşinyan qeyd edib ki, bizi əhatə edən dünya çox yüksək sürətlə dəyişir, ona görə də, gələcəyə strateji baxış Ermənistanın suveren, hüquqi, demokratik və sosial dövlət olmasından ibarət olmalıdır.
Baş nazir ölkənin təhlükəsizliyinin təmin edilməsində Konstitusiya Məhkəməsinin rolunu da qeyd edib. O, indiki parlament idarəetmə formasını Ermənistan üçün ən uyğun hesab etdiyini bildirib.
Eyni zamanda, Paşinyan yeni konstitusiyanın hazırlanması və keçidi üçün hər hansı bir zaman çərçivəsi göstərməyib.