
Pakistanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın “Gənc Jurnalistlər Klubu” agentliyi məlumat yayıb.
Bildirilib ki, diplomat Pakistan Silahlı Qüvvələrinin İranın Sistan və Bəlucistan əyalətindəki hədəflərə son hücumuna aydınlıq gətirmək üçün XİN-ə çağırılıb. İran Xarici İşlər Nazirliyi hadisə ilə bağlı rəsmi açıqlama verməyib.
İran təhlükəsizlik qüvvələrinin nümayəndəsinin “Press TV” televiziya kanalına verdiyi məlumata görə, Tehran İslamabaddan Pakistan Hərbi Hava Qüvvələrinin İrandakı hədəflərə raket zərbələri ilə bağlı açıqlama tələb edib.
Digər tərəfdən, Pakistanın müvəqqəti hökumətinin baş naziri Ənvar-ül-Haq Kakar Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakını yarımçıq qoyub və tələsik İslamabada uçub.
Qeyd edək ki, bu gün Pakistan Xarici İşlər Nazirliyi İran ərazisində antiterror əməliyyatının keçirilməsinə dair məlumat yayıb. Bildirilib ki, əməliyyat çərçivəsində Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına zərbələr endirilib. “Reuters” Pakistan kəşfiyyatındakı mənbəyə istinadən yazıb ki, Pakistan Hərbi Hava Qüvvələri gecə saatlarında İrandakı hədəflərə raket zərbələri endirərkən respublikanın hava məkanına daxil olub.
Xatırladaq ki, yanvarın 16-da “Tasnim” agentliyi İran Silahlı Qüvvələrinin Pakistan ərazisində yerləşən “Ceyş əl-Zolm” terror qruplaşmasının iki qərargahına hücum etməsi barədə məlumat yaymışdı. Pakistan Xarici İşlər Nazirliyi bu addımı pisləmiş və bunu ölkənin hava sərhədlərinin pozulması adlandırmışdı. Qeyd olunmuşdu ki, bunun ciddi nəticələri olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz