Aİ-nin Bakıdakı nümayəndəsi jurnalistlərin həbsindən yazdı – XİN-dən reaksiya


“Azərbaycanda bu yaxınlarda həbs edilmiş bəzi jurnalistlərə, xüsusən də gənc qadınlara qarşı məhkəmə zalında qandallanmış, şüşə qəfəslərə salınmış və ya əsas insani ehtiyaclara icazə verilməyən rəftar barədə xəbərlər məni dəhşətə gətirdi”.
Yeniavaz.com
xəbər verir ki, bunu özünün “X” hesabında Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko yazıb.
“Hər kəsin ləyaqət və hörmətlə rəftar olunmaq hüququ var”, - o bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə isə P. Mixalkoya cavabında bildirib ki, Azərbaycanın məhkəmə sistemi ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulub və ona müdaxilə qəbuledilməzdir:
“Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir! Yaxşı olardı ki, səfir Aİ-nin bəzi ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və pis rəftar üzərində dayansın”.
Qeyd edək ki, son günlər həbs olunan jurnalistlərdən Elnarə Qasımovanın məhkəmə zalına gətirilərkən və binadan çıxarılarkən əllərinin arxadan qandallanması müzakirələrə səbəb olmuşdu.
Həbsdə olan “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızının məhkəməsi zamanı isə müdafiə tərəfi onun şüşə qəfəsdə saxlanıldığını bildirmişdi. Vəkil Elçin Sadıqovun bu barədə yazdıqları da sosial şəbəkələrdə müzakirə mövzusu olmuşdu.
Qeyd edək ki, “Abzas Media”nın direktoru Ülvi Həsənli ötən il noyabrın 20-də səhər saat 5 radələrində evinin qarşısında taksiyə minərkən saxlanılıb. Günorta isə “Abzas Media”nın ofisində axtarış aparılıb. Axtarış nəticəsində ofisdən 40 min avro pul tapıldığı iddia olunub.
Mətbuat orqanının baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-nə keçən gecə saat 2 radələrində İstanbuldan gələn təyyarə Bakıda yerə enən kimi saxlanılıb. Daha sonra gecə saat 3 radələrində onun yaşadığı evdə axtarış aparılıb. Ancaq mənzildən heç nə tapılmadığı bildirilir.
Noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov saxlanılıb. Bir müddət sonra jurnalist Nərgiz Absalamova, ardınca da dekabrın 13-də Hafiz Babalı tutulub.
Onların hər birinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.
Son olaraq isə yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb və yanvarın 15-də onun barəsində 2 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top