
Aylıq müavinət müddətli həqiqi hərbi xidmətdən boyun qaçırmış məcburi köçkün statusu olan şəxslərə şamil edilməyəcək.
Yeniavaz.com xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”na dəyişiklik edilməsi barədə qərar qəbul edib.
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 125 (Cild I) ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.7-ci bəndində “səfərbərlikdən yayınmış” sözləri “müddətli həqiqi hərbi xidmətə və ya səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırmış” sözləri ilə əvəz edilsin”, - qərarda deyilir.
Qeyd edək ki, indiyədək səfərbərlikdən yayınanlara bu müavinət şamil edilmirdi.