
Xəbər verdiyimiz kimi, Azərbaycanda fəaliyyət göstərən banklar 2023-cü il üçün mənfəət və zərərlərini açıqlayıblar.
Yeniavaz.com xəbər verir ki, ölkədə fəaliyyət göstərən banklar ümumilikdə 1 milyard 88 milyon 602 min manat mənfəət əldə ediblər.
Mənfəət əldə edən banklardan 2-si dövlət bankı olub. “Beynəlxalq Bank”ın mənfəəti 322 milyon 270 min manat, “Azər Türk Bank”ın mənfəəti isə 14 milyon 41 min manat olub.
Özəl banklar tərəfindən əldə olunan 752 milyon 291 min manatlıq mənfəətin 441 milyon 418 min manatı və ya 58,7%-i ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”ə bağlı 2 bankın – “Kapital Bank” və “Paşa Bank”ın payına düşüb.
“Kapital Bank” son bir ildə 242 milyon 209 min manat, “Paşa Bank” isə 199 milyon 209 min manat xalis mənfəət ədə edib.
Məlumat üçün qeyd edək ki, nizamnamə kapitalı 265,8 milyon manat olan “Kapital Bank”ın səhmlərinin 81,07%-i “Paşa Holdinq”ə, 7,52%-i “Paşa Sığorta” ASC-yə, 11,4%-i isə digər hüquqi və fiziki şəxslərə aiddir.
Nizamnamə kapitalı 354,5 milyon manat olan “Paşa Bank”ın səhmlərinin 56,8%-i “Paşa Holdinq”ə, 28,2%-i “Bless” MMC-yə, 9,99%-i Arif Paşayevə, 5%-i isə Mir Camal Paşayevə aiddir.
Elnur Əli